AZ
Menu
img

“Azəraluminium”un istixana qazlarının emissiyasını 2050-ci ilədək sıfıra çatdırmaq niyyəti barədə.

"Net-Zero" dedikdə karbon emissiyasının təbiət tərəfindən udula və etibarlı şəkildə saxlanıla bilən qalıq emissiyasının maksimal həddə azaldılması və ya karbonun atılması ilə bağlı digər tədbirlər yolu ilə atmosferdə sıfıra yaxın həddə çatdırılması kimi başa düşülməlidir. Bu, Paris Sazişində göstərildiyi kimi, qlobal istiləşməni sənayeləşmədən əvvəlki 1,5°C-dən çox olmayan həddə məhdudlaşdırmaq üçün xüsusilə vacibdir. . Hazırda 19-cu əsrin sonundan etibarən planetimizin temperaturu artıq təxminən 1,1°C yüksəlib və emissiyalar artmaqda davam edir. İstiləşməni 1,5°C-də saxlamaq üçün emissiyalar 2030-cu ilə qədər 45% azaldılmalı və 2050-ci ilə qədər isə sıfır həddinə çatdırılmalıdır . Çin, ABŞ, Hindistan və Avropa Birliyi kimi əsas hava kirliliyinə səbəb olan ölkələr də daxil olmaqla qlobal tullantıların təxminən 88%-ni əhatə edən 140-dan çox ölkə özləri üçün sıfır emissiya hədəfləri təyin etmişlər .

Azərbaycan və onun iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfə

Azərbaycanda, ölkənin 2050-ci ilə qədər 1990-cı il səviyyələri ilə müqayisədə istixana qazları emissiyalarının 40% azaldılması üzrə milli hədəfinə nail olunmasına , eləcə də iqlim dəyişikliyinin mənfi təsirlərinə uyğunlaşma qabiliyyətinin və potensialının gücləndirilməsinə xüsusi önəm verilir. Beynəlxalq ictimaiyyətin yekdil qərarı ilə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçilməsi onun yaşıl enerji sahəsində səylərinin mühüm etirafıdır. Azərbaycan bunu özünün qlobal iqlim ambisiyalarını gücləndirmək üçün fürsət kimi görür və qlobal istiləşmənin kritik həddi olan 1,5°C-nin keçməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayır. Bunun üçün imkanların hər il daha da tükəndiyi bir şəraitdə indi ən vacib şey geri dönməz nəticələrdən qaçmaq üçün gələcəyə sərmayə qoymaqdır. Əsas prioritet yüksələn temperaturlara nəzarət etmək və emissiyaları tez və davamlı şəkildə azaltmaqdır.

COP29-a sədrlik planı iki əsas sütun üzərində qurulub: birincisi, bütün iştirakçılar arasında iqlim təşəbbüslərinin artırılmasına diqqət yetirilməsi, ikincisi isə emissiyaları azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün konkret tədbirlər üçün zəruri olan maliyyə və resursların təmin edilməsi. Azərbaycan kollektiv və ədalətli həll yollarına nail olmaq üçün bütün maraqlı tərəflərin fikirlərini nəzərə alaraq inklüzivlik və açıqlığa sadiqdir .

Azəralüminiumun iqlim məqsədlərinə və davamlılığına sadiqliyi

Azəralüminium hazırkı və gələcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi də daxil olmaqla, ölkənin iqlim məqsədlərinə tam dəstək verir. Şirkət investisiya proqramında aydın şəkildə görünən COP29-dan çox əvvəl dekarbonizasiyaya hazırlaşmağa başlamışdır. Azəralüminium təkrar emal və alternativ enerji layihələri üzrə tərəfdaşlıqlar yaratmaq və investisiyalar cəlb etmək yolu ilə davamlı inkişafı fəal şəkildə təşviq edir.

Azəralüminium: Qafqazın aparıcı alüminium istehsalçısı

“Azəralüminium” MMC Azərbaycan Respublikasının əlvan metallurgiya sahəsində lider şirkətdir. Qafqazda yeganə ilkin alüminium istehsalçısı olmasına baxmayaraq, onun ümumi istehsal həcmi qlobal miqyasda böyük deyildir. Buna baxmayaraq, məhsulların rəqabət qabiliyyəti ixrac portfelində əlavə dəyərli məhsulların yüksək payı, eləcə də son məhsulun yüksək keyfiyyəti ilə təmin edilir. Azəralüminiumun Gəncə İstehsalat Kompleksi 2012-ci ilin yanvarında istifadəyə verilmişdir. Orada ilkin alüminiumun elektroliz istehsalının illik layihə gücü 50 min tondur. Sonradan, ilkin alüminium istehsalına əlavə olaraq, alüminium yarımfabrikat adlanan məhsulların istehsalı üçün bölmələr istifadəyə verilmişdir: davamlı tökmə texnologiyasından istifadə edərək istehsal olunan alüminium lentlər, həmçinin təbəqələr və rulonlar şəklində soyuqyaymadan keçmiş alüminium lentlər. İstehsal prosesinə məsuliyyətlə yanaşma, eləcə də elektroliz istehsalının optimallaşdırılması və rasionallaşdırılması sayəsində ilkin alüminiumun faktiki istehsal gücü layihə gücündən artıq olmaqla ildə 54 min tona çatdırılmışdır.

Azəralüminiumun baş ofisi Bakı şəhərində, istehsal sahəsi isə Gəncə şəhərində yerləşir. Gəncə İstehsalat Kompleksinin ümumi sahəsi 81 hektardır, ümumi 1100 nəfər çalışır. O, elektroliz korpusu, anod texnoloji sexi, fasiləsiz tökmə və yayma sexi, soyuq yayma və rəngləmə sexi, eləcə də köməkçi infrastruktur obyektləri də daxil olmaqla 4 istehsal sahəsindən ibarətdir. Bölgədə bərpa olunan enerji mənbələri mövcuddur ki, bunlar arasında ən əhəmiyyətliləri Azəralüminiumun ehtiyaclarının böyük hissəsini təmin edən Mingəçevir və Şəmkir su elektrik stansiyalarıdır və bu elektrik stansiyaların gücü Azəralüminiumun enerjiyə olan tələbatını dəfələrlə üstələyir.

Şirkət yüksək beynəlxalq standartlara cavab verən ilkin alüminium, fasiləsiz tökmə rulonları və soyuqyayma məhsulları istehsal edir. Məhsulların 95%-i ABŞ, Avropa, Türkiyə və MDB ölkələri də daxil olmaqla 15-dən çox ölkəyə ixrac olunur. Azəralüminiumun coğrafi mövqeyi ona tikinti, avtomobil, enerji və qablaşdırma kimi müxtəlif sektorlardakı məhsulları tez bir zamanda müştərilərə çatdırmağa imkan verir.

Azəralüminiumun dekarbonlaşdırılması

Azəralüminium bütün əməliyyat fəaliyyəti üzrə 2050-ci ilə qədər istixana qazı (İQ) tullantılarını sıfıra endirmək üçün iddialı planlarını qürurla bəyan edir. Bu yol həm birbaşa (Scope 1), həm də dolayı (Scope 2) tullantıları əhatə edir və davamlı inkişafa dair strateji prioritetimizi əks etdirir.

Məqsədimiz 2030-cu ilə qədər birbaşa və dolayı emissiyaları 30% azaltmaq və 2050-ci ilə qədər imkan daxilində onları aradan qaldırmaqdır.

Davamlılığa sadiqliyimiz Azəralüminiumun inkişaf strategiyasının mühüm hissəsidir. İnanırıq ki, innovasiyaları, strateji tərəfdaşlıqları və ekoloji cəhətdən məsuliyyətli yanaşmanı birləşdirməklə nəinki məqsədlərimizə nail olacağıq, həm də bazar iştirakçılarını da buna ruhlandıracağıq. Bu yeni mərhələ, daha ekoloji cəhətdən daha təmiz və məsuliyyətli istehsalın yaradılması istiqamətində uzun illər aparılan işlərin təbii davamıdır.

Dekarbonizasiyaya yanaşma: iqtisadi əlçatanlıq və ekoloji dayanıqlılıq

Dekarbonizasiya istiqamətində atılan hər bir addım təkcə ekoloji cəhətdən dayanıqlı deyil, həm də iqtisadi cəhətdən əlçatan olmalıdır. Emissiyaların azaldılması üzrə hədəflərimizə nail olmağın ən yaxşı yolu maliyyə cəhətdən səmərəli olmaqla yanaşı, mümkün qədər ətraf mühitə qarşı məsuliyyətli olan yeni layihələrə start verməkdir. Bu yanaşma bizə təkcə ekoloji göstəricilərimizi yaxşılaşdırmağa deyil, həm də maliyyə nəticələrimizi gücləndirməyə imkan verəcək. Bu təşəbbüslərin uğurla həyata keçirilməsi ilə biz mövcud istehsal proseslərini ən son ekoloji tələblərə uyğun formada təkmilləşdirməyi planlaşdırırıq.

Dekarbonizasiya məqsədlərinə nail olmaq üçün strategiyalar

İlkin alüminium istehsalının son dərəcə yüksək enerji istehlakı ilə əlaqədar olaraq, bizim prioritetlərimiz Azəralüminiumun alternativ enerji mənbələrinə tam keçidini təmin etmək üçün tərəfdaşlıqlar yaratmaq və investisiyaları cəlb etməkdir. Biz 100 MVt gücündə günəş elektrik stansiyaları tikməyi planlaşdırırıq ki, bu da karbonsuzlaşdırma istiqamətində mühüm addım olacaq və şirkətin cari enerji ehtiyaclarını ödəyəcək. Bununla belə, ilkin alüminium istehsal gücünü ildə əlavə 50 min ton artırmaqla, eləcə də fasiləsiz tökmə və metal yayma güclərini genişləndirməklə biz alternativ enerji istehsalını 250 MVt-a çatdırmaq niyyətindəyik.

Alüminium qeyri-məhdud sayda təkrar emal edilə bilən metaldır və təkrar emal elektroliz yolu ilə ilkin metal istehsalı ilə müqayisədə əhəmiyyətli dərəcədə az enerji tələb edir. Alüminiumun təkrar emalı potensialını inkişaf etdirmək üçün xarici şirkətlərlə tərəfdaşlıqlar yaradılmışdır. Yaxın gələcəkdə gücü ildə 100 min tona yaxın olan emal zavodunun tikintisi nəzərdə tutulur. Bu addım alternativ enerji mənbələrinin tətbiqi ilə birlikdə, bizə yaşıl alüminium istehsal etməyə imkan verəcək və bizi dekarbonzasiya üzrə məqsədlərimizə yaxınlaşacağıq. Bu iki addım - alternativ enerji mənbələrinə keçid və alüminium emalının inkişafı - bu gün artıq texnoloji cəhətdən mümkündür və əlçatandır. Bununla belə, dekarbonizasiya əsasən ilkin alüminium istehsalında texnoloji nailiyyətlərdən asılı olacaq.

Ən çox müzakirə olunan və tədqiq edilən texnologiya karbon anod bloklarını əvəz etməyə imkan verən inert anod texnologiyasıdır. Karbon bloklarından istifadə edilməsi hər ton hazır alüminum məhsul üzrə daha çox istixana qazlarının emissiyasına səbəb olmaqdadır. Elektrolizlə istehlak edilməyən və istixana qazları buraxmayan inert anodların texnologiyası isə, iqtisadi səmərəliliyə nail olmaqla sənaye üçün inqilabi olacaqdır. İlk dəfə 20-ci əsrin birinci yarısında nəzərdən keçirilən bu texnologiya alüminium istehsalı prosesində karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq. Bu istiqamətdə işlərin onilliklərdir davam etməsinə baxmayaraq, sənaye istehsalında bu texnologiyadan istifadə edilmir. Bununla belə, son 5 ildə bir neçə xarici şirkət Rusiyada sınaq elektroliz xətlərində bu sahədə əsaslı inkişaf və sıfır karbon izi ilə metal istehsalına başlandığını bildirmişdir. İnert anodlar iqtisadi cəhətdən məqsədəuyğun və sənayedə tətbiq oluna bilən olmaqla alüminium sənayesindəki şirkətləri sıfır emissiya məqsədinə yaxınlaşdıra bilər. Bu kimi texnoloji həllər, həmçinin, əhəmiyyətli karbon izi olan boksit mədənçiliyi və alumina hasilatı kimi alüminium istehsalının digər mərhələləri üçün də vacibdir

Nəhayət, süni intellekt məsələsinə gəldikdə isə, bu sahənin sənaye proseslərinin daha da optimallaşdırılması haqqında da danışılmalıdır. Alüminium sənayesində süni intellekt istehsal proseslərinin effektivliyinin, istehsalın enerji səmərəliliyinin artırılmasında və ətraf mühitə təsirin azaldılmasında mühüm rol oynayaraq bizi davamlı gələcəyə daha da yaxınlaşdıracaq.

Gələcəyə dair niyyətlər

Paylaşılan bu məlumatlar gələcəyə münasibətdə hadisələr və gözləntilərlə bağlı Azəralüminium olaraq bizim niyyətlərimizi ifadə edir. Bu mənada bizim bu paylaşımda tarixi faktlara olan istinadlarımız istisna olmaqla, qeyd etdiklərimiz gələcəyə dair gözləntilərimizi, ehtimallarımızı və ya proqnozlarımızı ifadə edir. Gələcəyə hesablanmış bu niyyətlər gələcək fəaliyyətin nəticələrinə dair zəmanəti və ya vəd kimi qiymətləndirilməməlidir, çünki müxtəlif risklər, qeyri-müəyyənlik və faktiki hallar bu hədəflərə çatılmasına təsir edə bilər. Azəralüminium bu və buna oxşar digər bəyanatlarında qeyd olunan gözləntilərinin ağlabatan ehtimallara əsaslandığına inansa da, şirkət onların reallaşacağına zəmanət verə bilməz. İqtisadi şərait, qaydalardakı dəyişikliklər, texnoloji irəliləyişlər, gözlənilməz hallar və proqnozlaşdırılması çətin olan digər risklər də daxil olmaqla bir sıra amillərə görə faktiki nəticələr hesabatlarımızda proqnozlaşdırılanlardan əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Azəraluminium, qanunla tələb olunmadıqca, yeni məlumatlar bildirmək və ya gələcək hadisələrə cavab olaraq öz bəyanatlarını yeniləmək üzrə öz üzərinə öhdəlik götürmür.

KİV və investorlar üçün əlaqə: İbrahim İsayev ibrahim.isayev@azeraluminium.com