Cari ilin avqust ayının 19-da “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin insan resurları, inzibati və digər aidiyyəti şöbələrinin əməkdaşları üçün Cəmiyyətin hüquqşünası Anar Abdullayev tərəfindən AR-nın Əmək Məcəlləsinə edilmiş sonuncu – 28.06.2024-cü il tarixli dəyişikliklər barədə məlumatlandırma sessiyası keçirilmişdir. Məlumatlandırma tədbirində əmək müqavilələrinin bağlanılması qaydasındakı dəyişikliklər, müqavilələrin bağlanılmasının kağız daşıyıcılardan elektron sistemə keçid və s. əlaqələri mövzulara toxulumuşdur. Xüsusilə, əmək müqaviləsi və əmək müqaviləsi bildirişinə dair qeyd olunmuşdur ki, dəyişikliklərə qədər əmək müqaviləsi məlumatları işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilirdi və əmək müqaviləsi bildirişi qeydiyyata alınırdı. Əmək münasibətləri də yalnız əmək müqaviləsi bildirişinin qeydiyyata alındığı andan etibarən yaranmış hesab olunurdu. Edilmiş dəyişikliklə artıq işçi də elektron informasiya sistemində elektron kabinet yaradaraq əmək müqaviləsini elektron qaydada imzalaya biləcək. Beləliklə, indidən sonra əmək müqavilələri həm işəgötürən, həm də işçi tərəfindən elektron qaydada imzalanmış elektron sənəd formasında bağlanacaq və tərəflər arasında əmək münasibətləri hər iki tərəfin müqaviləni imzaladığı andan etibarən yaranmış hesab olunacaq. İşçi də istənilən vaxt elektron informasiya sisteminə daxil olaraq əmək müqaviləsinin mətnini real vaxt rejimində kağız daşıyıcıya ehtiyac olmadan elektron formada əldə edə biləcəkdir. Edilmiş bu elektronlaşdırma dəyişiklikərinin nəticəsində artıq əmək müqaviləsi bildirişinə ehtiyac qalmadığından bu sənəd də ləğv edilmişdir. Əmək müqavilələrinin xitamına dair qeyd olunamlıdır ki, əvvəllər müddətli əmək müqaviləsinin xitamı üçün müddətinin bitməsinə azı 1 ay qalmış tərəflərdən heç biri digər tərəfi müdətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə xəbərdar etməli idilərsə, indi bu müddət 1 həftəyə endirilmişdir.